Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması məqsədilə dövlət satınalmalarına başlanılıb.
V.Qurbanov vurğulayıb ki, satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə, differensiallı, standart və reanimobil təcili tibbi yardım maşınları olacaq: “Bunlardan 5 ədədi tam elektrikli avtomobillərdir. Tam elektrikli təcili tibbi yardım avtomobillərinin texniki spesifikasiyasına gəlincə, onların daxili təchizatına tibbi avadanlıqlarla təminat daxildir”.
TƏBİB sədri qeyd edib ki, 2024-cü il istehsallı ambulanslar sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallıq, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malik olacaq.