“Ölkə prezidentinin sərəncamı ilə kapital bazarları ilə iş Azərbaycan Mərkəzi Bankına (AMB) həvalə ediləndə biz gördük ki, burada heç bir iş görülməyib”.
Bunu AMB-nin sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
“Qanunvericilik bazasından, texnoloji infrastrukturdan, kadr bazasından tutmuş hər şey dəyişdirilməlidir və bu istiqamətdə Türkiyə dövləti, onun maliyyə infrastrukturu ilə geniş əməkdaşlıq edilir. Bu yaxınlarda razılığa gəlmişik ki, Türkiyənin “İstanbul Fond Birjası”nda (“Borsa İstanbul”) listinqdə olan qiymətli kağızlar “Bakı Fond Birjası” QSC-də (BFB), Azərbaycana məxsus qiymətli kağızlar isə Türkiyə birjasında ticarət olunsun. Odur ki, biz bu bazara böyük ümidlər bəsləyirik “Kapital bazarının hüquqi çərçivəsinin və infrastrukturunun beynəlxalq normalara uyğunlaşdırılması, bazarda tələb-təklifin təşviqi, habelə beynəlxalq bazara inteqrasiyanın təmin edilməsi strategiyasına start verilib”, – deyə o, qeyd edib.
Xatırladaq ki, Bu ilin yanvar-oktyabr aylarında BFB-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13 039,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 97,5% artaraq 9 231 olub.
BFB-nin dövriyyəsinin 50,4%-i, yaxud 6 573,487 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 1,7% azdır. Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 4,2 dəfə azalaraq 418,928 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,5 dəfə artaraq 6 047,494 milyon manat olub.