“Azərbaycana bu ilin yay mövsümündə həyata keçirilən uçuşların ilboyu davam etməsi üçün çalışırıq”.
Bunu Report agentliyinə Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bildirib.
O qeyd edib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır: “Məsələn, Səudiyyə Ərəbistanın ən böyük aviaşirkətlərindən biri olan “Flynas” Azərbaycana həftədə 10-a yaxın uçuş həyata keçirir. Əsas məqsədimiz bu uçuşların il boyu davam etməsidir”.
N.Bağırov vurğulayıb ki, ərəb turistləri Azərbaycanda digər ölkələrin vətəndaşları ilə müqayisədə daha çox pul xərcləyirlər: “Onlar Azərbaycanın rayonlarına da səfər edirlər. Ərəb turistlərin daha çox Quba, Şəki, Qəbələ, Qusar istiqamətinə səfər edirdilər. İndi Lənkərəna da üz tuturlar. Bu, çox yaxşı haldır. Hazırda Azərbaycana daha çox orta təbəqəyə məxsus ərəb turistlər səfər edirlər. Biz yüksək təbəqədən də ölkəyə ərəb turist cəlb etmək üçün çalışmalıyıq”.
Xatırladaq ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, bu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da ötən ilin iyul ayına nisbətən 10,6% çoxdur. Agentlik bildirir ki, qonaqların 35%-ni Rusiyadan gələnlər təşkil edib. Bir il əvvəl ilə müqayisədə Rusiyadan 11 min, yaxud 10% çox qonaq gəlib.
İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə bu ölkədən 12 min və yaxud 26% daha çox xarici vətəndaş gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.