Azərbaycanda bağçılıq sahəsində qanunvericilik təkmilləşdirilməlidir, bu da öz növbəsində ədalətsiz idxala qarşı bazarı təkmilləşdirə bilər.
Bunu “Kənd yerlərində biznes informasiya sisteminin yaradılmasına dəstək” layihəsinin bağlanış mərasimində layihənin eksperti Jacek Vesierski deyib.
Onun sözlərinə görə, Azərbaycanda dəyər zəncirinin genişləndirilməsində bağçılıq sahəsi mühüm rol oynayır: “Ölkənin ixrac edilən aqrar məhsulların 80 %-i bağçılıq məhsullarının payına düşür. Bağçılıqda dəyər zəncirinin artırılması sektorun inkişafına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, bu sahəyə subsidiyalar verilir: “Subsidiya aqrar sahənin inkişafına töhfə verir. Digər tərəfdən isə subsidiyalar aqrar sahədə mövcud olan boşluqları aradan qaldırmalıdır”.
J.Vesierski hesab edir ki, aqrar sahədə qlobal təhdidlər mövcuddur, qlobal təhdidlər isə yerli iqtisadiyyata da təsir göstərir: “Ümumiyyətlə, fermerləri yüksək məhsul istehsal etməyə təşviq etmək lazımdır “.
Xatırladaq ki, 2022-ci ilin yanvar -oktyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 3 563 nəfərə 56,2 milyon manat güzəştli kredit verilib. Verilən güzəştli kreditlər texnika və avadanlıq təyinatlı, damazlıq heyvan alışı , nağd və mikrokreditlərdir.