Azərbaycanda Prezident yanında məzənnə siyasəti və qiymət dəyişməsi dinamakasına görə cavabdeh olan Valyuta Şurası yaratmaq lazımdır. Bunu Trend-ə iqtisad elmləri doktoru, iqtisadi ekspert, professor Zahid Məmmədov deyib.

Ekspert qeyd edib ki, Azərbaycanda istənilən şəxs hazlırda dolların məzənnəsi ilə maraqlanır: “Bununla belə, möhtəkirlər məzənnənin istənilən dəyişikliyindən faydalanmağa çalışırlar və bu mənfi hallar valyutaya tələbatı kəskin artırır, onu bahalaşdırır. Bəzi sahibkarlar isə məqamdan istifadə edərək məhsullarının qiymətini artırırlar. Süni qiymət artımı hesabına bu varlanma cəhdlərinin qarşısını almaq lazımdır”.
Z.Məmmədov hesab edir ki, ölkə valyuta gəlirlərini əcnəbi tələbələrin hesabına artıra bilər: “Biz xarici ölkələrdən tələbələri cəlb etməliyik və Azərbaycanın bunun üçün bütün imkanları var. Biz onlarda hazırda tələbatın olduğu rus dilində təhsil imkanları təqdim edə bilərik. Azərbaycan, həmçinin ingilis dilində keyfiyyətli təhsil verə bilər”.
Ekspert əlavə edib ki, xarici tələbələrin cəlb edilməsi təkcə təhsil sahəsinə deyil, həm də ümumilikdə ölkə iqtisadiyyyatına təsir edəcək: “Təhsil üçün ölkəyə gələn insan təqribən 40 digər sahənin inkişafı üçün şərait yaradır”.






