2025-ci ilin birinci rübündə Azərbaycana idxal olunan bəzi bitki yağlarının miqdarında və dəyərində dəyişikliklər müşahidə olunub. Əlavə olaraq palma yağının idxalı ilk rübdə dayandırılıb.
Banker.az xəbər verir ki, 2025-ci ilin ilk rübündə Azərbaycana 11.983. ton xam günəbaxan yağı idxal olunub və bu, 15.01 milyon ABŞ dolları dəyərində başa gəlib. Bu isə hər ton üçün təqribən 1 253.15 dollar deməkdir. 2024-cü ilin eyni dövründə isə idxal həcmi 13.4 min ton, ümumi dəyəri isə 10.87 milyon dollar olub. Burada hər ton üçün orta qiymət 809.64 dollar təşkil etmişdi.
Beləliklə, xam günəbaxan yağının tonla qiyməti 443.51 dollar (təxminən 55%) artıb, baxmayaraq ki, idxal miqdarı təxminən 1.44 ton azalıb. Bu məhsulun təxminən 100%-i Rusiya mənşəlidir. 2025-ci ilin birinci rübündə 11.95 ton günəbaxan yağı məhz Rusiyadan gətirilib.
2025-ci ilin ilk rübündə saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı idxalı 63.43 ton təşkil edib və bu, 549.85 min dollara başa gəlib. Bu isə hər ton üçün 8 670 dollar deməkdir. Halbuki, 2024-cü ildə bu göstərici cəmi 6 695 dollar idi. Beləliklə, bir ton üçün qiymət 29.5% artıb.
Digər zeytun yağları kateqoriyasında isə 2025-ci ildə 367.7 ton yağ 1.54 milyon dollara idxal olunub – orta qiymət 4 199 dollar/ton. Bu göstərici 2024-cü ildə 4 024 dollar/ton idi. Bu kateqoriyada da təxminən 4.3% qiymət artımı müşahidə edilir.
2025-ci ilin birinci rübündə palma yağı idxalı qeydə alınmayıb. Halbuki, Dövlət Statsitika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin eyni dövründə 11.9 min ton xam və digər növ palma yağı idxal olunmuşdu.
Azərbaycan bu yağı iki Cənub-Şərqi Asiya ölkəsi – Malayziya və İndoneziyadan alır. 2025-ci ildə Malayziyada xam palma yağı fyuçerslərinin orta qiymətinin 4 350 ringgit/ton (təxminən 972 ABŞ dolları) olacağı proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 5.4% artım deməkdir .
Reuters-in yazdığına görə, İndoneziya 2025-ci ildə biodizel qarışığını 40%-ə yüksəltməyi planlaşdırır. Bu, əlavə olaraq 1.2-1.7 milyon ton xam palma yağı istehlakını tələb edəcək və ixrac üçün mövcud olan miqdarı azaldır.