2025-ci ilin üçüncü rübünün sonu üzrə açıqlanan göstəricilər Azərbaycanda işləmək üçün icazə alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında illik müqayisədə cüzi artım olduğunu göstərir.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həmin kateqoriyadan olan şəxslərin sayı 6 578 nəfərdən 6 607 nəfərə yüksəlib.
Tikinti sektoru əvvəlki kimi ən çox xarici işçi cəlb edən sahə olaraq qalır və burada pay 36,4 faizdən 36,9 faizə yüksəlib. Mədənçıxarma sənayesində isə əksinə, azalma müşahidə olunub — pay 9,5 faizdən 9,1 faizə enib. Emal sənayesində göstərici 9 faizdən 8,6 faizə düşərək çox kiçik geriləmə qeydə alıb.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda pay sabit qalıb — 2024-cü ildə 8,6 faiz olduğu kimi, 2025-ci ildə də 8,6 faizə yaxın səviyyədə davam edib.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində xarici işçilərin payı bir qədər azalıb — 5,9 faizdən 5,3 faizə enib. Təhsil sektorunda isə əks istiqamətdə, yəni 5,1 faizdən 5,3 faizə cüzi artım müşahidə olunub.
Digər sahələr üzrə pay 25,5 faizdən 27,4 faizə yüksələrək ən ciddi artımlardan birini göstərir.








