Azərbaycanda fiziki şəxslərə verilən kreditlərin faizləri 2019-cu ilin sonundan bu tərəfə maksimum səviyyəyə yüksəlib. Banker.az bunu Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir.
Belə ki, fiziki şəxslərə təqdim edilən kreditlərin orta faizləri 1 sentyabr tarixinə 16.9% olub. Bu, ilin əvvəlindəki 16.31 səviyyəsindən 0.59 faiz bəndi yuxarı göstəricidir. Azərbaycanda fiziki şəxslərə verilən kredit dedikdə, istehlak, ipoteka və fərdi sahibkarlara verilən kreditlər başa düşülür.
Bankların fiziki şəxslərdən milli valyutada cəlb etdiyi müddətli depozit faizləri də yuxarı istiqamətdə baş götürüb. Məsələn, ilin əvvəlində orta faizlər 9.62% olduğu halda, 8 ayın sonuna bu rəqəm 10.3%-ə qalxıb. Təqribən 0.68 faiz bəndi depozit faizləri qalxıb.
Nəticədə kredit və depozit arasındakı marja ilin əvvəlindəki 6.7% faizdən 6.5%-ə qədər düşüb.
Fiziki şəxslərin banklara kredit öhdəliyinin həcmi ilin əvvəlindən 8 ayın sonuna artım göstərib. İstehlak kreditlərinin həcmi müddət ərzindən 7.9 faiz artımla 9.11 mlrd. manatı keçərkən, ipoteka kreditləri 6 faiz artımla 4.5 mlrd. manata yüksəlib. Əhalinin banklarda isə ümumi 15.09 mlrd. manat depoziti var ki, bunun da 9.56 mlrd. manatı müddətlidir.
Sentyabrın ikinci həftəsində beynəlxalq reytinq agentliniyi “Fitch Rating” də bu məsələ ilə bağlı şərh bildirmişdi. Agentlik qeyd etmişdi ki, Azərbaycan Mərkəzi Bankının bu sahədə risklərin idarəsi üçün qabaqlayıcı tədbirlər görməsinə rəğmən, 2021-ci ildən bəri pərakəndə (fiziki şəxslərə verilən) kreditlərin sürətli artımı müəyyən qızışma riskləri yaradır.
Bununla belə, onun press-relizində Azərbaycanda bank sektorunun orta göstəriciləri 2017-ci ildən yaxşılaşıb – dollarlaşma azalıb, problemli aktivlərin riski isə aşağı düşdüyü də qeyd edilmişdi.
Azərbaycan Mərkəzi Bankı isə bu il faiz dəhlizinin parametrlərində hər bir bençmark üzrə faizləri 0.25 baza bəndi (iyulda ) endirməklə aşağı həddi 6%, yuxarı həddi 8% və uçot faiz dərəcəsi 7% müəyyən edib.