2025-ci ilin dekabr ayının 1-nə əmək müqavilələrinin sayı 1 905 398-ə çatıb. Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti bildirir.
Bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 503 mindən çox artım deməkdir. Qeyri-neft sektorunun özəl bölməsində isə müqavilələrin sayı 493 949 vahid çoxalaraq 1 033.871-ə yüksəlib.
DVX bundan öncə isə bildirib ki, 2025-ci ilin yanvar–noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” fonunda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib. Bu məbləğ əvvəlki ilin müvafiq dövründən 11,7% və ya 601,3 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da 12,3% artaraq 3 milyard 832,2 milyon manata çatıb.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,4% artaraq 203,0 milyon manat olub. Qeyri-büdcə təşkilatlarında bu mənbədən daxilolmalar 11,4% artaraq 155,0 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar da artım nümayiş etdirib. Bu istiqamətdə toplanan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxalaraq 1 milyard 6,3 milyon manata yüksəlib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6% artımla 713,7 milyon manat olub.







