Aprelin 6-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə sədri Musa Quliyev iclasda Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılacağını deyib.
Komitə sədri bildirib ki, təqdim olunan sənədin əsas məqsədi əməyin ödənilməsində gender bərabərliyinin daha geniş və effektiv şəkildə tətbiqini təmin etməkdir. Qeyd edilib ki, təklif edilən dəyişikliklər “eyni və ya oxşar iş” anlayışını genişləndirərək “bərabər dəyərli iş” prinsipini qanunvericilikdə təsbit edəcək və bununla da kişilər və qadınlar arasında əməkhaqqı ödənişində fərqlər aradan qaldırılacaq. Bununla belə, layihəyə əsasən, işəgötürənlərin bu sahədə öhdəlikləri konkretləşdirilir və əmək münasibətlərində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov və Beynəlxalq Əmək Təşkilatının milli əlaqələndiricisi Yaşar Həmzəyev qanun layihəsinin mahiyyəti və nəzərdə tutulan dəyişikliklərin tətbiqi mexanizmləri barədə məlumat veriblər.
Müzakirələrdə komitənin sədr müavini Elşad Musayev, komitənin üzvləri Jalə Əliyeva, Vüqar Bayramov və Nigar Məmmədova çıxış edərək qanun layihəsinə dair fikirlərini səsləndiriblər, bəzi qeyd və təkliflərini irəli sürüblər.
Sonda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.







