Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 22,3 milyard kubmetrə çatıb

2026-cı ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 22 milyard 258,9 milyon kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. 2025-ci ilin ilk yarısında bu göstərici 21 milyard 613,1 milyon kubmetr olub.

Banker.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ehtiyatların ümumi həcmi artsa da, dövrün sonunda ehtiyat kimi qalan qazın həcmi azalıb. Belə ki, 2026-cı ilin iyulun əvvəlinə qaz ehtiyatlarının 8,2%-i, yəni təxminən 1,83 milyard kubmetr qalıb. Ötən ilin eyni vaxtında isə ehtiyatların 9,6%-i və ya təxminən 2,08 milyard kubmetr qaz növbəti dövrə keçirilib.

Beləliklə, bir il ərzində iyulun əvvəlinə qalan qaz ehtiyatı təxminən 250 milyon kubmetr və ya 12% azalıb.

Eyni zamanda, qaz ehtiyatlarının istifadəsində ixracın payı da artıb. 2026-cı ilin ilk yarısında ehtiyatların 60,1%-i ixrac edilib. Ötən ilin müvafiq dövründə bu göstərici 58,7% olub. İxracın həcmi isə 12,68 milyard kubmetrdən təxminən 13,38 milyard kubmetrədək yüksəlib.

Ölkə daxilində istehlakın payı 29,3%-dən 29,2%-ə cüzi azalsa da, əhali istehlakının payı yüksəlib. Daxili istehlak edilmiş qazın 2026-cı ildə 43,2%-i əhaliyə satılıb. 2025-ci ildə bu göstərici 40,8% olub.

Əhali tərəfindən istehlak edilən qazın həcmi də 6,8%-lik artımdan sonra 2026-cı ilin ilk yarısında təxminən 2,8 milyard kubmetr təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər