Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması olan “Ookla” şirkətinin metodologiyası əsasında sabit genişzolaqlı internet üzrə provayderlərin 2026-cı ilin fevral ayı üzrə internet sürət göstəricilərini dərc edib.
Banker.az xəbər verir ki, “Speedtest Intelligence” məlumatları əsasında hazırlanmış “Sabit genişzolaqlı internet xidmətləri üzrə Fevral 2026 Təhlili” Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Fevral ayı üzrə təqdim edilən hesabat əvvəlki aylardan fərqli olaraq internet sürəti üzrə dörd kateqoriyalı təsnifat modeli əsasında hazırlanıb.
📊 Sürət kateqoriyaları
🔵 Çox yüksək sürət — 150+ Mbps
Çox yüksək performans təqdim edən provayderlər.
🔵 Yüksək sürət — 101–149 Mbps
Yüksək səviyyəli genişzolaqlı xidmət təqdim edən provayderlər.
🔵 Orta sürət — 50–100 Mbps
Əksər istifadəçi paketlərinin yerləşdiyi geniş bazar seqmenti.
🔵 Aşağı sürət — 1–49 Mbps
Nisbətən aşağı performans göstəriciləri olan xidmətlər.
Bu yanaşma istifadəçilərə bazarda fəaliyyət göstərən internet provayderlərinin performans səviyyəsini daha aydın və müqayisəli şəkildə qiymətləndirməyə imkan verir.
Kateqoriyalar Ookla Speedtest Intelligence platformasından əldə edilən median ölçmə nəticələrinə əsasən İKTA tərəfindən analitik şəkildə formalaşdırılaraq təqdim olunur.
Fevral ayı üzrə ölkə göstəricilərinə əsasən sabit genişzolaqlı internetin:
- median yükləmə sürəti 91.38 Mbps,
- median yükləmə sürəti (upload) 93.12 Mbps,
- median gecikmə (latency) 4 ms təşkil edib.







