2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin ümumi sayı 1 milyon 585 mini keçməklə illik 5.5 faiz artıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox istifadə olunan marka yenə də “Mercedes” olub – ölkədə 220 242 ədəd bu markaya məxsus avtomobil var. Siyahının ikinci pilləsində isə klassik sovet avtomobili olan “Vaz-2101, 03-06 durur – 199 068 ədəd.
“Hyundai” markalı maşınların sayı 2023-cü illə müqayisədə əhəmiyyətli artım göstərərək 126 min 56-dan 142 min 814-ə yüksəlib.
Bundan başqa, “Toyota”, “KIA” və “Opel” kimi markalar da ölkədə geniş yayılıb. Xüsusilə “Toyota”nın sayı 104 min 605-dən 115 min 151-ə qədər artıb.