Alış azalsa da, ölkənin avtomobil zövqü dəyişmir
Ötən ilin nisbətən ucuz və praktik avtomobilləri məlum olub
Ötən il Azərbaycanda yenə “Hyundai” və istər orta, istərsə zəngin təbəqənin xoşladığı “Mercedes”ə üstünlük verilib. 2015-ci ildə ölkədə 3 min 516 ədəd “Hyundai” və 3 min 321 ədəd “Mercedes” satılıb. Bu məlumatı Dövlət Statistika Komitəsindən (DSK-dan) AzadlıqRadiosu-na veriblər.
İllik satışı min rəqəmini aşmayan avtomobillər
«Hyundai» və «Mercedes» digər rəqiblərini çox böyük «sürətlə» arxada qoyublar. Ən çox satılan avtomobillərin beşliyinə “Toyota” (1774), “KİA” (1686) və “BMW” (1037) də düşüb.
Başqa avtomobil markalarının illik satışları min rəqəmini aşmayıb. «Nissan» (989), Wolkswagen (812), Audi və Ford (hər biri – 804), eləcə də Opel (791) ilk onluğu qapayır.
Bahalı minik avtomobilləri seqmentində də satışlar azalıb. Ötən il Jaguarın satışı (30) 2014-cü il göstəricisindən cəmi 4 ədəd az olub. 2015-ci ildə 595 ədəd Land Rover (inişil – 911 ədəd), 379 Lexus (930) və 177 Porsche (263) satılıb.
Bahalı markaların satış sayı açıqlanmır
“Bentley”, “Lamborghini”, “Ferrari” və qiyməti 1 milyon manat civarındakı başqa avtomobillərin satış statistikası açıqlanmır.
DSK-nın AzadlıqRadiosu-na verdiyi məlumata görə, bu il yanvarın əvvəlində ölkədə minik avtomobillərinin sayı 1 milyon 130 minə yaxınlaşıb. Hər 5-ci avtomobil (192 min 685 ədəd) “Mercedes”dir. Onun ardınca “Hyundai”, “Toyota” və “Opel” gəlir.
Azadlıq.org