Azərbaycanda 2022-ci ilin iyun ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 10 milyard 593 milyon manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 9 milyard 419 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Rəqəmlərdən göründüyü kimi, paytaxt ilə ölkənin digər iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.
2022-ci ilin may ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 317 milyon 748 min manat pulu var.
Gəncə-Daşkəsən iqtisadi rayonunda yaşayan əhalinin banklarda 161 milyon 67 min, Lənkəran-Astara iqtisadi rayonunda yaşayan 98 milyon 395 min manat bank əmanətinə sahibdir.
Quba-Xaçmaz əhalisi banklara 94 milyon 778 min manat pul qoyub. Mərkəzi Aranda yaşayanların isə bankda cəmi 87 milyon 776 min manat pulu var.
Şəki-Zaqatalada yaşayanlar 80 milyon 123 min manat pulunu banklara etibar edib. Qazax-Tovuz iqtisadi rayonda sakinlər isə banklara 80 milyon 12 min manat yerləşdirib.
Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 6 milyard manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 4.8% təşkil edir. 4 milyard manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 0.9 faizdir.