2025-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1095,0 manat təşkil edib.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3 928 manat, qeyri neft-qaz sektorunda 1042,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1051.4 manat, özəl müəssisələrdə isə 1139.5 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal
əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Mədənçıxarma sənayesində çalışanların orta aylıq nominal əməkhaqqı 3 743.6 manat təşkil edib. Dövlət sektorunda bu göstərici 2 366.7 manat, qeyri-dövlət sektorunda isə 4 458.3 manat olub.
Maliyyə və sığorta sahəsində çalışanların orta aylıq əməkhaqqı 3 148.2 manat olub. Dövlət sektorunda bu rəqəm 4 036.2 manat, özəl sektorda isə 2 953 manat təşkil edib.
İnformasiya və rabitə sahəsində işləyənlərin orta aylıq əməkhaqqı isə 1 875.2 manat olub. Bu sahənin dövlət sektorunda çalışanları 1 564.9 manat, özəl sektorunda çalışanları isə 2 100.8 manat əməkhaqqı alıblar.