2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda ən müasir “ağıllı istixanaların” quraşdırılması başa çatmaq üzrədir

Hibrid toxumlar istehsal etmək üçün İsrail dövləti ilə əməkdaşlıq çərçivəsində ən müasir “ağıllı istixanaların” quraşdırılması başa çatmaq üzrədir

Azərbaycan dövləti ölkə əhalisinin yüksək keyfiyyətli aqrar məhsullara, bu məhsulların emalını həyata keçirən sənayenin isə xammala tələbatının davamlı təmin olunmasına, ölkənin Ərzaq Təhlükəsizliyi Proqramının tərkib hissəsi olan aqrar sahədə elmi-tədqiqatların daha keyfiyyətlə icrasına, onların təkmilləşdirilməsinə və alınmış nəticələrin istehsalata tətbiqinin yaxşılaşdırılmasına daim kömək göstərir.

Respublikamızda aqrar sahənin elmi təminatının daha da yaxşılaşdırılması, ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə, o cümlədən müxtəlif çeşidli tərəvəzlərlə təmin olunması işində öz funksiyasını yerinə yetirən Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu yarandığı gündən bu vaxta qədər xeyli iş görüb və hazırda da öz üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyevin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

– Elmar müəllim, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətləri hansılardır?

– İnstitutumuz 1965-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılıb. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətinə tərəvəz, bostan və kartof bitkilərinin genefond materiallarının toplanması, öyrənilməsi, yeni sortların, hibridlərin və klonların yaradılması, ilkin toxumçuluğunun təşkili, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanması və tətbiqi, tərəvəz bitkilərinin becərilməsi, emal və saxlanma texnologiyalarının işlənməsi üzrə elmi-tədqiqat işlərinin aparılması daxildir.

– Azərbaycanda ənənəvi yerli tərəvəz sortları çox məşhurdur. Bu sortların qorunması, həmçinin seleksiya yolu ilə yeni sortların yaradılması ilə bağlı hansı işlər görülür?

– İnstitutun alimləri tərəfindən tərəvəz, bostan və kartof bitkilərinin 100-dən artıq sortu yaradılıb, onlardan 65-i isə rayonlaşdırılıb. Kələmin “Azərbaycan”, “Abşeronskaya Ozimaya”, pomidorun “Vətən”, “Leyla”, “Zərrabi”, “Alsu”, badımcanın “Məhərrəm”, “Zəhara”, acı bibərin “Göygöl”, sarımsağın “Cəlilabad”, kartofun “Telman”, “Sevinc”, “Əmiri-600”, qırmızı soğanın “Sabir” və digər tərəvəz bitkilərinin sortları fermerlərimiz arasında çox populyardır. Artıq institutumuzun yeni inzibati-laboratoriya binası tikilib və Avropa, ABŞ və Yaponiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub. Müasir avadanlıqlar vasitəsilə torpaq və bitki analizləri aparmaq, pestisid qalığının miqdarını, tərəvəz xəstəliklərinin viruslarını təyin etmək mümkündür. Bitkilərdə baş verən fizioloji proseslərin tədqiq edilməsi, azot və proteinlərin miqdarının təyin olunması, toxumların cücərmə qabiliyyətinin öyrənilməsi, bitkilərin biotexnoloji üsullarla laboratoriya şəraitində yetişdirilməsi, tərəvəzin emalı və saxlanılması istiqamətində analiz və tədqiqatların aparılması məhz bu cihazlar vasitəsilə həyata keçirilir. Eyni zamanda, institutumuz tərəfindən Azərbaycanda ilk dəfə istehsalyönümlü kartofun virussuz mini yumrularının laboratoriyada “in vitro” şəraitində əldə edilməsi məqsədilə müasir biotexnoloji laboratoriya yaradılıb. Bu, ölkəmizdə sağlam kartof toxumunun yetişdirilməsində və kartof toxumçuluğu sisteminin yaradılmasında müstəsna rol oynayacaq və növbəti illərdə ölkənin sağlam kartof toxumuna olan tələbatının ödənilməsinə öz töhfəsini verəcək.

– Dünyada toxumçuluq sahəsində gedən trendlərə nəzər salsaq görərik ki, istiqamət hər yerdə eynidir: yerli şəraitə uyğunlaşdırılmış, məhsuldar və xəstəliklərə davamlı sortlar yaratmaq. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu bu trendlərlə ayaqlaşa bilirmi?

– Əvvəldə qeyd etdiyim kimi, institutun tərəvəz bitkiləri üzrə bir sıra sortları vardır ki, bu, sadalanan parametrlərə cavab verir. Amma hazırda istehsalçıların böyük hissəsi yüksək məhsuldarlığa malik hibrid toxumlardan əmələ gələn bitkilərin yetişdirilməsinə üstünlük verir. Tərəvəz, bostan bitkilərinin hibrid toxumlarının istehsalı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi İsrail dövləti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində institutun 6,14 hektar sahəsində 7 ədəd ən müasir “ağıllı istixanaların” quraşdırılması başa çatmaq üzrədir. Həmçinin, açıq sahədə becərilən tərəvəzlərin yeni sortlarının yaradılması, toxumçuluğun təşkili üçün 30 hektar ərazidə damla suvarma və yağmurlama sistemləri qurulur. Layihə çərçivəsində ilk dəfə Cənubi Qafqazda tərəvəz toxumu emalı müəssisəsi yaradılıb. “Milli tərəvəz və kartof toxumçuluğu layihəsinin” həyata keçirilməsində əsas məqsəd fermer və sahibkarları keyfiyyətli yerli, xarici toxumlardan qiymətinə görə daha münasib olan tərəvəz, bostan və kartof bitkilərinin toxumları ilə təmin etməkdir.

– Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu beynəlxalq təcrübədən hansı formada yararlanır?

– İnstitutumuz müsabiqəli qrantlar proqramlarında, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə layihələrində də fəal iştirak edir. Eyni zamanda, Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CIP, Peru) ilə də əməkdaşlıq edirik. Bu, bizə həm digər ölkələrin elmi-tədqiqat institutları ilə öz təcrübəmizi bölüşməyə, həm də xarici təcrübə ilə tanış olmağa imkan verir. Qarşımızda duran əsas vəzifə isə dəyişməzdir – ənənəvi sortlarımızın genefondunu qoruyub saxlamaqla yanaşı, yeni, daha məhsuldar və keyfiyyətli tərəvəz, bostan və kartof bitkilərinin sortlarını yaratmaq. Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətimizin bütün istiqamətlərində bizə daim dəstək verir.

Son xəbərlər
Digər xəbərlər