Son günlər Bakı və Abşeronda dana ətinin qiymətinin bahalaşması müşahidə edilir. Belə ki, sümüksüz dana əti hazırda 17-18 manat olub, lakin bir müddət əvvəl bu, 13,5-14 manata təklif edilirdi.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, pandemiyadan sonra dünyada və ölkədə ətə olan tələbat artıb: “Xüsusilə, son bir il ərzində ət ölkə vətəndaşlarının istehlak səbətində mühüm yer tutmağa başlayıb. Lakin son dönəmdə Rusiya-Ukrayna münaqişəsi dünyada ərzaq tədarükündə zəncirin pozulmasına səbəb olub. Tədarük zəncirinin pozulması bütün məhsulların qiymət artımına gətirib çıxarıb”.
Ekspert hesab edir ki, Azərbaycan MDB məkanında ət istehsalı üzrə yüksək yerlərdə deyil: “Ümumiyyətlə, ölkədə ət istehsalı digər MDB ölkələri ilə müqayisədə azdır. Ölkədə ətin bahalaşmasının əsas səbəblərindən biri mal-qaraya verilən yemlə bağlıdır. Heyvandarlıqda istifadə edilən yemin qiyməti dünyada çox yüksəkdir və artmaqda da davam edir”.
V. Məhərrəmovun sözlərinə görə, xüsusən, heyvanların kökəltməsində istifadə edilən gündəlik yemin, apranın, buğdanın qiyməti 2 dəfə artıb: “Fermerlər heyvanlar üçün istifadə edilən buğda və arpanın bir qismini yerli tələbat hesabına, digər hissəsini isə idxal hesabına ödəyirlər. Bu isə ətin maya dəyərinin artmasına səbəb olub”.
Yem istehsalında problemlər
V.Məhərrəmov hesab edir ki, heyvanların intensiv yemlənməsi üçün ölkədə kifayət qədər yem bazası olmalıdır: “Azərbaycanda yemçilik çox zəifdir, biz qüvvəli yemdən kifayət qədər istifadə edə bilmirik. Azərbaycanın qüvvəli yemə olan illik tələbatı 2,5 milyon ton təşkil edir, lakin son zamanlar ölkədə bu məhsulun istehsal həcmi 100 min ton civarındadır. Bu səbəbdən də bizdə yemləmə səviyyəsi aşağıdır”.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, kənd təsərrüfatının heyvandarlıq sektorunun inkişafı üçün əsas seqmentlərdən biri yem və yem bazasının düzgün təşkilidir: “Azərbaycanda bəzi yem və yem komponentləri var ki, onlar məhz idxaldan aslıdır, bura xüsusilə soya və günəbaxan bitkisi kimi məhsulları, mineral-vitamin qarışıqlarını qeyd edə bilərik. Öıkəmizdə yem və yem komponentlərinin idxaldan aslılığını nəzərə alaraq cari ildə hökümət və dövlət tərəfindən mühüm qərarlar qəbul edilib.
Belə ki, Nazirlər Kabineti “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”ı təsdiq edilib ki, burada 72 adda yem bitkiləri və yem komponentləri öz əksini tapıb. Siyahıda nəinki ölkəmizdə əkilən yem bitkiləri, eyni zamanda hazırda dünyada heyvandarlıq sektoru üçün ənənəvi bitkilər də yer alıb. Qəbul edilmiş qərara görə yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış, yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış oldu. Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur. Əgər bu gün ailə-kəndli fermer təsərrüfatlarının hər birinin həyətində 3-5 baş iribuynuzlu, yaxud da xırdabuynuzlu heyvan saxlanırsa, bu heyvanlara çəkilən maya xərci yemə çəkilən maya dəyər xərcini üstələyir. Odur ki, istər saxlama şəraitinə görə, istərsə də maddi -texniki bazasının təminatı sahəsində kiçik təsərrüfatlar sıradan çıxmağa başlayır. Bu, birbaşa bazara təsir edir. Bazarda heyvan yemlərin qiyməti liberallaşdırılıb, qiyməti bazar özü tənzimlənir”.
O əlavə edib ki, heyvandarlıqda yem sulu şirəli, qaba, qüvvəli yemlər kimi qrupa bölünür ki, burada da qüvvəli, balanslaşdırılmış yemlərin xüsusi rolu var: “Hazırda yem rasionunda qüvvəli yemə olan tələbat tam ödənilmir. Belə ki, qüvvəli yemin hazırlanmasında yem bitkiləri ilə bərabər vitamin və minerallardan, digər əlavə komponentlərdən istifadə edilir. Qeyd olunduğu kimi bu komponentlər sırf idxaldan asılıdır və onlar məhsulun maya dəyərinə birbaşa təsir edir. Beləliklə, yemin istehsalına çəkilən xərc özünü son məhsulda-ət istehsalına da təsir edir”.
KTN rəsmisi qeyd edib ki, ölkədə sənaye üsulu ilə yem istehsal edən müəssisələr mövcuddur: “Onlar yerli istehsal olan yem bitkilərindən istifadə etsələrdə bütün digər komponentləri xaricdən idxal edir. Dünya bazarında yem və yem əlavələrinin qiymətinin dəyişməsi, logistika xidmətlərinin artması idxal olunan məhsulların qiymətinə təsir etməklə, istehsala da öz təsirini göstərir. Bir də torpaq resurslarımız o qədər deyil ki, biz bütün yem bazamızı özümüz təmin edə bilək.
Hazırda ölkədə soya bitkisi pilot layihə çərçivəsində əkilir-becərilir. Ölkənin soyaya olan illik tələbatı 150 min tondur. Bunun 120 min tonu birbaşa quşçuluq sənayesinin payına düşür. Bu sahənin stimullaşdırıması məqsədi ilə dövlətimiz tərəfindən qəbul edilmiş qərara əsasən idxaldan asılı olan soya, günəbaxan, vitaminlərin və digər komponentlərin siyahısı hazırlanaraq ƏDV-dən azad edilib. Dövlətin yemlə bağlı qəbul etdiyi qərar bazarda quş ətinin istehsalına çəkilən xərci azaldır.
Qeyd etmək lazımdır ki, əvvəllər istehlak səbətində adambaşına düşən ət və ət məhsulların payı 33 kq təşkil edirdisə, hazırda bu rəqəm 44 kq civarındadır. Respublikada aqrar sahədə aparılan stimullaşdırıcı tədbirlər ərzaq təhlükəsizliyinə istiqamətlənmiş hədəf olmaqla daima diqqət mərkəzindədir”.
Ət bazarı üzrə göstəricilər
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ət istehsalı 364.2 min ton olub, bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.9 % çoxdur.
Ümumiyyətlə, 2021-ci ildə diri çəkidə ət istehsalı 610 min ton təşkil edib.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 26 min 149 ton ət idxal edilib. Bu, isə illik müqayisədə 1.8 % çoxdur.
2021-ci ildə isə ölkəyə 41 min 038 ton ət idxal edilib.
İldə ölkəyə 100 min tonadək soya idxal edilir.
Hesablamalara görə, Azərbaycanda 450 min baş cins mal-qara olmalıdır ki, ölkənin bütün ət və ət, süd və süd məhsullarına olan tələbatı tam ödənilsin. Amma bu gün ölkədə cəmi 40 min baş damazlıq mal-qara var.