Əyar damğası zərgərlik məmulatlarının keyfiyyətinin zəmanətidir və Azərbaycanda əyar nəzarətinin olmaması nəticəsində bazarda kifayət qədər saxta malların mövcudluğu zərgərlərin, həmçinin vətəndaşların aldanma riskinin yüksək olmasına gətirib çıxarır.
Bunu açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası”nın İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.
“Hazırda bazarda belə hallar mövcuddur və onların aradan qaldırılmasında iri bazar iştirakçıları da maraqlıdırlar. Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti 2019-cu ildə Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə ləğv edilib və funksiyaları heç bir quruma həvalə edilməyib”, – o qeyd edib.
Onun sözlərinə görə, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 10.3-cü bəndinə əsasən sahibkarlıq fəaliyyətinin subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılmış qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır:
“Keyfiyyətə nəzarət mexanizminin, qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatların dövlət nəzarəti və tənzimlənməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq addımlar atılır”, – R.Əmircanov qeyd edib.