İqtisadiyyat Nazirliyi “Ram Beynəlxalq Nəqliyyat və Ticarət” MMC şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu verib.
Banker.az xəbər verir ki, Ağdam Sənaye Parkının bu rezidenti “Polimer məhsulların istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində müxtəlif çeşidli iri kisələrin və iri həcmli plastik konteynerlərin istehsalı nəzərdə tutulur.
Layihənin investisiya dəyəri 10 milyon manatdır. Sənaye Parkının 3 hektar ərazisində inşa ediləcək müəssisədə 500 daimi iş yeri yaradılacaq.
Müəssisənin tikintisinə başlandıqdan sonrakı 12 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Avropa və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.