Azərbaycan Bank Tədris Mərkəzinin Direktoru Cavanşir Abdullayevin yeni yaradılan Maliyyə Savadlılığı Şurası ilə bağlı verdiyi müsahibəni sizə təqdim edirik.
- Cavanşir müəllim, artıq Maliyyə Savadlılığı Şurası yaradıldı və ilk iclası keçirildi. Belə bir Şuranın təşkilinin məqsədi nə idi?
Maliyyə savadlılığı bütövlükdə götürüləndə tək bizim ölkədə deyil, beynəlxalq səviyyədə də ən aktual mövzulardan biridir. Belə ki, hələ 2009-cü ildə dünyanın ən böyük 20 ölkəsinin cəmləndiyi G20 iclasında 2008-2009-cü illlərdəki qlobal maliyyə böhranının səbəblərindən biri kimi maliyyə savadlılığının zəif olması göstərilmişdir. Bundan sonra vaxtaşırı olaraq, sözügedən ölkələrin görüşləri zamanı səsləndirilən fikirlərdən biri də o idi ki, ölkələr öz vətəndaşlarının maliyyə savadlılığını artırmaq istiqamətində tədbirlər görməlidirlər. Nəhayət, 2012-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) G20 ölkələrinin təşəbbüsünə qoşularaq, Maliyyə Təhsili üzrə Beynəlxalq şəbəkə formalaşdırd. Eyni zamanda maliyyə savadlılığı üzrə milli strategiyalar üçün prinsiplər müəyyənləşdirildi. Bundan sonra nəinki inkişaf etməkdə olan ölkələr, həmçinin inkişaf etmiş ölkələr də maliyyə savadlılığı üzrə milli strategiyalar hazırlamağa başladılar. Hazırda 59 ölkə maliyyə savadlılığı üzrə milli strategiyalar müəyyənləşdirib və müxtəlif potensiallar yaradıblar və davamlı sürətdə fərdli metodlardan istifadə etməklə vətəndaşların maliyyə savadlılığını artırırlar.
Maliyyə Savadlılığı Şurasının Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılmasının səbəbi, bankların müştərilərinin və potensial müştəri olacaq şəxslərin maliyyə savadlılğını yüksəltməkdir. Bu günlərdə ayrı-ayrı banklar, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Bank Tədris Mərkəzi və digər maraqlı tərəflər maliyyə savadlılığının artırılması yönündə işlər görürlər. Şuranın yaradılmasındakı məqsəd sadalanan qurumların həyata keçirdiyi maliyyə savadlılığı tədbirlərini əlaqələndirmək, səyləri birləşdirmək, bu prosesi daha planlı və sistemli hala gətirməkdir.
- Demək olar ki, bu sahədə beynəlxalq təşəbbüslər barədə məlumat verdiniz. Bəs bizdə vəziyyət necədir?
Beynəlxalq aləmdə olduğu kimi qonşu ölkələrdə də maliyyə savadlılığının gücləndirilməsi istiqamətində strategiyalar hazırlanır, milli şuralar yaradılır. Buna dövlət səviyyəsində çox böyük diqqət yetirilir.
Bizdə “Maliyyə xidmətlərinin inkişafı üzrə” Strateji Yol Xəritəsində bu sektorun inkişafının əsas komponenti kimi qeyd edilib. Maliyyə Savadlılığının artırılmasında liderlik rolu Azərbaycan Respublikası Mərkəzi Bankına verilib. Bu gündə Mərkəzi Bank bütövlükdə ölkədə aparılan maliyyə savadlılığı ilə əlaqədar layihələrin koordinasiyasını həyata keçirir. Bununla əlaqədar Koordinasiya Şurası yaradılıb. Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyələşmə Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası və Alimaniya Əmanət Bankları Fondu bu Koordinasiya Şurasına üzvdürlər. Qeyd edilən bu beş təşkilat maliyyə savadlılığı istiqamətində işlər görür və tədbirlərin təkrarlanması və bir-birini inkar etməməsi və daha səmərəli olması üçün əlaqələndirməni həyata keçirirlər. Azərbaycan Banklar Assosiasiyasının nəzdində yaradılan Maliyyə Savadlılığı Şurasının məqsədi isə bütövlükdə bank sektorunun bu sahədəki strategiyalarını və tədbirlərini eyniləşdirmək və daha səmərəli və sistemli, digər qurumlarla daha yaxşı koordinasiya edilmiş şəkildə həyata keçirməkdir.
- Şurada hansı qurumlar təmsil olunancaq?
Bu Şurada Azərbaycan Banklar Assosiasiyasının müraciəti əsasın, 19 bank iştirak etmək istəyib. İlk iclasda sözügedən bankların İdarə Heyəti üzvlərinin və aparıcı departament rəhbərlərinin iştirakı ilə Şura yaradıldı.
- Bu Şura hansı işlər görəcək?
Şura ilk növbədə ABA-nın maliyyə savadlılığı üzrə strategiyasını və həmin stratgiyadan irəli gələn tədbirlər planını və büdcələrini müəyyənləşdirəcək. Tədbirlər planının icrasına nəzarəti həyata keçirəcəkdir. Maliyyə savadlılığının ölçülməsi alətlərini və onun hansı dövrdən bir ölçmək lazım olduğunu müəyyələşdirəcəkdir.
Ümumiyyətlə, Şura ABA-nın Rəyasət Heyəti yanında məşvərətçi kollegial orqan olaraq, fəaliyyət göstərəcəkdir. ABA-nın nəzdində maliyyə savadlılığı strategiyanını hazırlayan, onun monitorinqini aparan, onun səviyyəsini ölçən və analitikasını aparan kollegial orqan olacaqdır. Çünki, maliyyə savadlığının artırılması hər hansısa bir bankın təklikdə həyata keçirə biləcəyi bir tədbir deyil və bu birgə aparılmalı olan bir fəaliyyətdir. Şura görəcəyi əsas iş də məhz bu yöndə olan maraqların uzlaşdırılması və birgə keçirilməsini təmin etməkdir.
- Sizin fikrinizcə, bu şuranın fəaliyyəti ümumilikdə maliyyə sektoruna, bank-müştəri münasibətlərinə necə təsir edəcək?
Başqa ölkələrin praktikası göstərir ki, istehlakçıların maliyyə savadlılığının artması ilk növbədə onların maliyyəyə çıxışını yaxşılaşdırır və insanlar artıq bilir ki, maliyyə institutları hansı xidmətləri göstərir və bu xidmətlərin onlara hansı faydaları ola bilər. Əlbətdə, bu fərdin maliyyə rifahının yüksəlməsinə və maliyyə vəsaitlərini daha yaxşı idarə etməsinə çox böyük bir köməkdir.
Digər tərəfdən maliyyə savadlılığının artması onların maliyyə institutları ilə olan əlaqələrini daha sağlamlaşdırır və bu institutlara qarşı insanlarda məhsul və xidmətlər baxımdan ciddi tələb yaranır. Yəni tələb yaranmağa başlayır ki, bu da maliyyə sektorunun inkişafını stimullaşdırır.
Maliyyə savadlılığı maliyyə institutları ilə insanlar arasında münasibətləri yaxşılaşdırır. Maliyyə savadlılığı ümumilikdə bütün maliyyə sektoruna olan inamın artmasına səbəb olur.
Həmçinin müştərilər yeni bank xidmətləri, məsələn, internet bankçılıq, trast xidmətləri və s. bu tipli müxtəlif xidmətlər tələb edərlərsə, bu yeni bank xidmətlərinin yaranmasını stumullaşdırır.
Son olaraq vurğulamaq olar ki, maliyyə savadlılığı yüksək olan müştəri maliyyə institutlarına qarşı daha tələbkar olur. Tələbkarlığın artması sektorun inkişafına gətirib çıxaracaq ki, burada hər iki tərəf qazanclı olacaqdır.
- Bilindiyi kimi Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) maliyyə savadlılığı baxımından indiyə qədər əhəmiyyətli işlər görmüşdür. Bu baxımdan maraqlıdır ki, Maliyyə Savadlılığı Şurasının fəaliyyətində rəhbərlik etdiyiniz qurumun rolu necə olacaq?
Biz ümumiyyətlə ABA-nın törəmə təşkilatı kimi maliyyə savadlılığının artırılması istiqamətində ciddi işlər görürük. Bu ABTM-in fəaliyyətinin əsas istiqamətlərindən biridir. Qeyd edim ki, 2016-cı ildə 480 nəfər maliyyə savadlılığının artırılması istiqamətində ABTM-in təşkil etdiyi təlimlərində iştirak edib. Maliyyə Savadlılığı Şurasının maarifləndirmə istiqamətində verəcəyi qərarların icrası ABTM-ə həvalə edilərsə, biz böyük məmnuniyyətlə və yüksək səviyyədə bunu yerinə yetirəcəyik. Bunun üçün bizim böyük potensialımız, ekspert komandamız və təcrübəmiz vardır.
Son olaraq əlavə etmək istərdim ki, maliyyə savadlılığının artırılması istiqamətində ən təsiredici amil yeni yaradılan Şura ilə digər qurumların, təşkilatların, universitetlərin və başqa qurumların birgə fəaliyyət göstərməsidir. Digər ölkələrdə bu fəaliyyət birlikdə görülür, bununla bağlı milli səviyyədə tədbirlər həyata keçirilir.
Maliyyə savadlılığı yalnız gəncə və ya qocaya, bank sektorunda işləyənə və ya işləməyənə lazım deyil, bu hamıya lazımdır. Biz həyatımızı, istehlakımızı və yığımımızı maliyyə ilə idarə edirik. Maliyyəni yaxşı bilmiriksə, ailə büdcəmizi idarə edə bilmiriksə, şəxsi büdcəmizi yarada bilmiriksə, öhdəliklərimizi yerinə yetirə bilmiriksə, risklərimizi düzgün qiymətləndirə bilmiriksə, sonda bunun mənfi nəticəsi ilə üz-üzə qalarıq. Bu səbəbdən hər bir şəxs buna gündəlik istehlakı kimi vacib bir məsələ olaraq baxmalıdır.
Bu istiqamətdə Şura bütün maraqlı tərəflərlə əməkdaşlıq etməlidir və hesab edirəm ki, burada hamı qazanclı çıxacaq.