Azərbaycanda bu ilin sonunadək ümumi gücü 760 MVt olan 2 günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılması planlaşdırılır.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Nazir qeyd edib ki, gələn il isə 240 MVt gücündə bir külək elektrik stansiyasının (KES) tikintisinə başlanılması planlaşdırılır.
“BƏƏ ilə imzalanan elektrik enerjisinin ötürülməsi üzrə investisiya əməkdaşlığına dair Anlaşma Memorandumu, yaşıl enerji sahəsində Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi və 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Yol Xəritəsi yaşıl dünya naminə həmrəyliyimizin təzahürü olmaqla “yaşıl enerji” tərəfdaşlığımızı daha da möhkəmləndirəcək. İlin sonunadək ümumi gücü 760 MVt olan 2 GES, gələn il isə 240 MVt gücündə 1 KES-in tikintisinə başlamağı planlaşdırırıq”, – deyə paylaşımda bildirilir.