3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda 20 səhmdar cəmiyyət satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 iyulda yeni hərrac keçiriləcək.

Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 206 əmlak çıxarılıb ki, bunun 20-si səhmdar cəmiyyəti, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir.

Hərracda iştirak edən əmlakların siyahısı ilə bu linkdən tanış olmaq olar.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Qaradağ, Nərimanov, Sabunçu və digər rayonları, həmçinin Lənkəran, Astara, Şamaxı, Oğuz, Göygöl və digər şəhər və ya rayonlarda yerləşir. Hərracda ən yüksək qiymət paytaxtın Nəsimi rayonunda yerləşən və ümumi faydalı sahəsi 255,5 kvadratmetr, torpaq sahəsi isə 474,8 kvadratmetr olan qeyri-yaşayış obyektinə təyin olunub. Adıçəkilən əmlak 312 min manata təklif olunur. Səbayel rayonunda yerləşən qeyri-yaşayış obyekti 225 min manat,  Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq isə 216 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçik obyektləri sırasında Qoxmuq istirahət zonası, mağazalar, yanacaqdoldurma məntəqələri, yeməkxanalar, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi əmlaklar var.

Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Tərtər Konserv”, “Sumqayıt Kimya Tikinti”, “Kürdəmir Kəndkimya Təchizat”, “Salyan Reproduktor Quşçuluq”, “Azərmetalinvest”, “Azinterservis” kimi müəssisələr var.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.

Son xəbərlər
Digər xəbərlər