Azərbaycanda 2003-cü illə müqayisədə 2024-cü ildə neft hasilatı 1,8 dəfədən çox, qaz hasilatı isə 9,9 dəfə artıb.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Məlumata görə, 2003-cü ildə ölkədə 15,4 mln.ton neft və 5,1 mlrd. kubmetr qaz hasil edilmişdisə, 2024-cü ildə qeyd olunan göstəricilər müvafiq olaraq 29,1 mln. ton və 50,6 mlrd. kubmetr təşkil edib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda neft hasilatının pik dövrü ilə müqayisədə 2024-cü ildə göstərici 1,7 dəfədən çox azalıb. Azərbaycanda neft hasilatının pik göstəricisi 2010-cü ildə qeydə alınıb və 50,8 mln. ton təşkil edib.
Hesabata əsasən, 2024-cü ildə ölkənin neft-qaz sektorunda 29,1 mln. ton neft və 50,6 mird. kubmetr qaz hasil edilib, bu da illik müqayisədə 3,3% azalma və 4,3% artım deməkdir.
Bildirilir ki, 2024-cü ildə neft ixracatı 24,4 mln. ton, qaz ixracatı isə 25,5 mlrd. kubmetr olub ki, bu da 2023-cü illə müqayisədə müvafiq olaraq 3,2% az və 7% çoxdur.
“2024-cü il ərzində neft və qaz hasilatı sahəsində kompleks tədbirlər işlənilərək həyata keçirilib, qalıq neft-qaz ehtiyatlarının çıxarılması baxımından perspektivli sahələrin intensiv işlənməyə cəlb edilməsi məqsədilə əlavə tədqiqatlar aparılıb, yeni hidrotexniki qurğular layihələndirilməklə onların inşası hesabına infrastruktur genişləndirilib”, – hesabatda vurğulanır.
Qeyd olunur ki, SOCAR, konsorsium və əməliyyat şirkətləri üzrə 2024-cü ildə neft-qaz hasilatının sabit saxlanılması və qismən artırılması məqsədilə 245,7 min metr qazma işləri aparılıb.