Növbəti il Vergi Məcəlləsinə dəyişikliklərə dair qanun layihəsi bütövlükdə sahibkarların heç bir kateqoriyası üzrə vergi yükünün artırılmasına və ya vergi inzibatçılığının mürəkkəbləşdirilməsinə xidmət etmir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” adlı tədbirdə deyib.
O bildirib ki, əksinə, dəyişikliklər ölkədə sənayeləşmənin inkişafını, ixrac yönümlü xidmət sektorunun genişlənməsini, beynəlxalq daşımalar sahəsində Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını, gəmiqayırma sənayesinin inkişafını, avtomobil nəqliyyatı və avtobus istehsalının təşviqini, dövlət-özəl tərəfdaşlığı çərçivəsində investisiyaların cəlb olunmasını və bərpa olunan enerji mənbələrindən enerji istehsalının artırılmasını dəstəkləyir.
“Gələn il mikrosahibkarların mənafeyini qorumaq məqsədilə bizə daxil olan müraciətlər əsasında bir sıra vergi təşviqləri üzrə korrektələr ediləcək. Bu dəyişikliklər sahibkarların fəaliyyətini daha da asanlaşdırmağı hədəfləyir”, – deyə o vurğulayıb.
S. Musayeva həmçinin qeyd edib ki, müəyyən sahələrdə fəaliyyət göstərən sahibkarlar artıq öz maraq və problemlərini sistemli şəkildə dövlət orqanlarına çatdırırlar:
“Əgər 2021-ci ildə sahibkarlarla görüşlər zamanı onların mövqeləri arasında tam uzlaşmanın olmadığı müşahidə edilirdisə, artıq sahibkarlar öz mövqelərini daha sıx şəkildə ümumiləşdirirlər. Bu, təkcə sahibkarların özləri üçün deyil, həm də dövlət üçün böyük bir töhfədir. Çünki sahənin xüsusiyyətlərini və problemlərini sahibkarlar daha yaxşı bilir və daha yaxından hiss edir”.