2026-cı ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard manatdan çox vergi daxil olub ki, bu da proqnozdan 79,4 milyon manat çoxdur.
Banker.az xəbər verir ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 286,5 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 69,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faiz artıb.
2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan çox olub, proqnozdan əlavə 20,8 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatdan çox olub.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manata yaxın təşkil edib, proqnozdan əlavə 1,5 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 29,9 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 163,3 milyon manatdan çox olub, proqnozdan əlavə 5,5 mln. manatdan artıq vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 115,7 milyon manata yaxın olub.





