İndiyə qədər Azərbaycan Moldovanın qeyri-neft sektoruna 9.7 milyon ABŞ dolları, Moldova isə Azərbaycanın qeyri-neft sektoruna 3.8 milyon ABŞ dolları investisiya qoyub.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Moldovanın Baş naziri Nataliya Qavrilitsanın iştirakı ilə bu ölkənin İşgüzar Dairələrinin nümayəndələri ilə keçirilən görüşdə deyib.
“Azərbaycanda 24 Moldova şirkəti qeydiyyatdan keçib. Bu şirkətlər əsasən ticarət, nəqliyyat, kənd təsərrüfatı və xidmət sektorlarında fəaliyyət göstərir”, – deyə o, qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 4 dəfə artaraq 13.5 milyon ABŞ dollarına çatıb, o cümlədən son 1 ildə Azərbaycandan Moldovaya ixracın dəyəri isə təxminən 13 dəfə artıb.