9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda 24 yeni aqropark yaradılacaq

Hazırda Azərbaycanda 22 rayon üzrə 66 min hektar ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

“Bu günə qədər 58.6 min hektar ərazidə 22 aqropark fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1.2 milyard manat təşkil edir. Bununla yanaşı, aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 147 milyon manat dövlət dəstəyi göstərilib.

Belə ki, indiyə qədər 14 aqroparkın yaradılmasına nazirlik yanında Sahibkarlığın İnkişafı Fondu 131 milyon manat güzəştli kredit ayırıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16.1 milyon manat güzəşt əldə edib”, – deyə o qeyd edib.

Sədrin sözlərinə görə, ölkə Prezidentinin 21 dekabr 2021-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq Agentlik ötən ilin yanvar ayından aqroparkların reyestrinin aparılması, orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlayıb: “Bununla əlaqədar 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb. Həmin aqroparklarda ümumilikdə 5 000 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Hazırda aqroparklarda 2 660 nəfər daimi, 4 300 nəfər isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 2 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər