2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52615,7 milyon manatlıq, o cümlədən 28664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23951,2 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
Banker.az DSK-ya istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,1 faiz, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda isə 4,9 faiz artmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq, o cümlədən 279,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 233,9 manatlıq qeyri-ərzaq malları almışdır.








