8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda 3 ildən bir ölkə risk qiymətləndirilməsi həyata keçiriləcək

Azərbaycanda ölkə risk qiymətləndirilməsi həyata keçiriləcək.

Bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ölkə risk qiymətləndirilməsi ölkə səviyyəsində risklərin müəyyənləşdirilərək qiymətləndirilməsi, həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də risklərin aradan qaldırılması və ya azaldılması üzrə atılan tədbirlərdən ibarətdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin ölkə səviyyəsində qiymətləndirilməsi sahəvi və institusional qiymətləndirmələrin nəticələrinə əsaslanmaqla Koordinasiya Şurası tərəfindən aidiyyəti nəzarət orqanlarının, digər dövlət orqanlarının (qurumların), öhdəlik daşıyan şəxslərin, habelə bu qanunla müəyyən edilmiş şəxslərin, həmçinin əlaqəli sahələrin nümayəndələrinin iştirakı ilə ən azı 3 ildə bir dəfə həyata keçirilir. Ölkə risk qiymətləndirilməsinin yekunlarına dair hesabat maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilməli, ölkə risk qiymətləndirilməsinin bütün iştirakçılarına, o cümlədən nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə, habelə bu qanunla müəyyən edilmiş şəxslərə göndərilməlidir. Sahavi və institusional risk qiymətləndirmələrinin nəticəsi olaraq ölkə risk qiymətləndirilməsinə dair hesabat yenilənə bilər.

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə aşağıdakı tədbirləri görür:

– ölkə səviyyəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə risklərin qiymətləndirilməsini təşkil etmək;

– risk qiymətləndirilməsi nəticəsində müəyyən edilmiş risklərin idarə edilməsi məqsədilə hədəfləri müəyyən etmək, bu məqsədlə müvafiq planlanın layihələrini hazırlayıb aidiyyəti dövlət orqanlarına (qurumlara) təqdim etmək;

– müəyyən edilmiş hədəflərə nail olunmasına cari nəzarəti həyata keçirmək və bu barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına məlumat vermək.

Ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə risklərin ölkə səviyyəsində müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün nəzarət orqanlarının, digər dövlət orqanlarının (qurumların), öhdəlik daşıyan şəxslərin, habelə bu qanunla müəyyən edilmiş şəxslərin fəaliyyətlərinin bu risklərin səviyyəsinə uyğunlaşdırılması, xüsusilə son nəticədə həyata keçirilmiş tədbirlərin aşkar edilmiş risklərə uyğunluğunun və bu mübarizədə istifadə olunan resursların (inzibati, hüquqi, iqtisadi-maliyyə) effektiv bölgüsünün təmin edilməsi məqsədi daşıyır.

Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə, habelə bu qanunla müəyyən edilmiş şəxslərə münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə sahəvi riskləri illik əsasla qiymətləndirməli, nəticələrini sənədləşdirməli və nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə, habelə bu auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarına təqdim etməli, həmçinin aşkar edilmiş risklərin idarə olunması, aradan qaldırılması və azaldılması üçün tədbirlər görməlidirlər. Sahəvi risk qiymətləndirilməsi prosesində nəzarət orqanları bütün risk faktorlarını, ölkə risk qiymətləndirilməsinin nəticələrini və nəzarət etdikləri öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlar tərəfindən təqdim edilən institusional risk qiymətləndirilməsinin nəticələrini nəzərə almalıdırlar. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlar illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər, auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlar institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar.

Ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu məhkəmələr və cinayət təqibi orqanlarından zəruri statistik məlumatları öz informasiya sistemi vasitəsilə toplayır, emal edir, ümumiləşdirir və aidiyyəti üzrə təqdim edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər