Azərbaycanda 30-a yaxın populyar brend olan “Go Crispy” və “Tea Time” restoranlarının açılması planlaşdırılır.
Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Qətərin “Al Baladi Holding” şirkəti ilə Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş “Green Capital Management” şirkəti arasında strateji əhəmiyyətli saziş imzalanıb: “Həmin sazişə əsasən, Azərbaycanda “Go Crispy” və “Tea Time” restoranlarının açılması nəzərdə tutulur. Bu strateji plan çərçivəsində 2 il ərzində təxminən 30 yeni restoranın fəaliyyətə başlaması planlaşdırılır”.
O. Məmmədov bildirib ki, sazişin əsas məqsədi Azərbaycana xarici investisiyaların cəlb olunmasıdır: “Bu yeni layihələr sayəsində ölkədə yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafına töhfə verilməsi gözlənilir”.