9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 330 IMEI koduna “klon” statusu verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC ölkəyə gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarının qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirləri çərçivəsində bu günə qədər 330 IMEI koduna “klon” statusu verib.

Banker.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, şirkətin Mobil cihazların qeydiyyatı şöbəsi mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı araşdırma aparır. Nəticədə, surətinin köçürüldüyü aşkarlanan IMEI koduna “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edir. Həmin IMEI kodları son üç ayda 153 464 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.

Hazırda surətinin köçürülməsi şübhəsi olan IMEI kodları ilə bağlı monitorinq davam etdirilir. Son üç ay ərzində 50 mindən çox mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünən bir neçə IMEI kodu ilə bağlı araşdırma aparılıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman cihazın satış qiymətinə uyğun dövlət rüsumu ödənilməlidir. Bəzi dələduzlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətini yeni telefonlara köçürürlər. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə qarşılaşır.

Bu cür hallarla qarşılaşmamaq, aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar. Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar. Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda “Cihazın istifadəsi məhdudlaşdırılıb” mesajı təqdim ediləcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün “Azərpoçt” MMC-nin şöbələrinə müraciət etmək tövsiyə olunur.

Son xəbərlər
Digər xəbərlər