Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədi kənd bələdiyyəsinin sabiq sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə hakim Eldar Mikayılov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Vaqif Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətumkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
V.Nəbiyev vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunub.
Məlumat üşün bildirək ki, sabiq bələdiyyə sədrinin daha bir məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Onun digər cinayət işi üzrə məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edir. Məhkəmə araşdırması zamanı sabiq bələdiyyə sədrinin başqa dələduzluq əməlləri də üzə çıxıb və barəsində yeni cinayət işi açılıb.
Qeyd edək ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəyərək ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb. Bələdiyyə sədrinin əməllərindən zərər çəkdiyini deyənlər arasnda xanım iş adamı Ülviyyə Abdalova da var. Ü.Abdalova V.Nəbiyevin ondan 353 min 300 manat aldığını bunun üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib.
V.Nəbiyevin əməllərindən 10-dan çox şəxsin zərər gördüyü bildirilir.