İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 2 səhmdar cəmiyyətinin səhm paketi, 41 nəqliyyat vasitəsi satılıb.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 139 sifariş qəbul olunub.
Hərracda “Bakavtoservis” və “Goranboy Aqrotexservis” ASC-lərinin 30 %-lik səhm paketi özəlləşdirilib.
Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, “Nissan Sunny” markalı avtomobilin ilkin start qiyməti 4 500 manat olsa da, ən son təklif 7 000 manatadək yüksəlib. İlkin start qiyməti 1 000 manat olan “Traktor MTZ-82” markalı nəqliyyat vasitəsi 4 600 manata özəlləşdirilib.
Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: https://bit.ly/30SU4lu
Növbəti hərraclar 24, 27 və 31 yanvar tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 60 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 25-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.