Hazırda Azərbaycanda 4 500 hektar ərazi bərpa olunan enerji zonası kimi müəyyən edilib.
Bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov COP29 çərçivəsində keçirilən Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.
“Hazırda Azərbaycan qarşısına iddialı hədəflər qoyur və bunlardan biri 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payının 30 %-ə çatdırılmasıdır. Bu keçid (təmiz enerjiyə) asan proses olmasa da, uzunmüddətli perspektivdə dayanıqlılığa və enerji təhlükəsizliyinə nail olmaq üçün vacibdir”, – o qeyd edib.
F.Abdurəhmanov xatırladıb ki, Azərbaycanda 2027-ci ilə qədər bərpa olunan enerji mənbələri sahəsinə 2,8 milyard ABŞ dolları investisiya qoyulması, 8 böyük günəş və külək elektrik stansiyasının inşası və milli enerji sisteminə inteqrasiyası planlaşdırılır.
Onun sözlərinə görə, bu investisiyalar hesabına təxminən 2 GVt həcmində bərpa olunan enerji gücü yaradılacaq.
“2 GVt sadəcə rəqəm deyil, bu, beynəlxalq şirkətlər tərəfindən aparılan qiymətləndirmələr əsasında hesablanmış bir rəqəmdir. Bu rəqəm bizim enerji sistemimizin müəyyən təkmilləşdirmələr, modernləşdirmə və s. şərtilə 2030-cu illədək nə qədər bərpa olunan enerji qəbul edə biləcəyini göstərir”, – şöbə müdiri bildirib.