6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda 7 səhmdar cəmiyyət satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 avqust tarixində keçiriləcək hərracda 152 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bunlardan 41-i kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Sənaye Kombinatı”, “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Masazır Quşçuluq”, “Mingəçevir Qum Çınqıl”, “Sabunçu Ticarət Təchizat”, “Yevlax Yun” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Gəncə, Lənkəran, Astara, Yevlax, Xızı və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 16 kv.m ilə 1941 kv.m arasında dəyişir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Həmin əmlaklar potensial gəlir mənbəyidir. Belə müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında torpaq sahəsi 131,5 kv.m, ümumi faydalı sahəsi 127,5 kv.m olan 8 saylı çayxananı nümunə kimi göstərmək olar. Paytaxtın Sabunçu rayonunda yerləşən həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Adı çəkilən əmlakın ilkin satış qiyməti 28 min manatdır. Bundan başqa Yevlaxda olan 50 saylı mağaza da fəaliyyətini yenidən bərpa etməklə sərmayəçi üçün gəlirli əmlakdır. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 226 kv.m, hərraca çıxarılan ilkin satış qiyməti isə 30 min manat təşkil edir.

Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az vəsait tələb edən obyektlər də var. Belə ki, ümumi faydalı sahəsi 25 kv.m olan, Gəncədə yerləşən 282/45 saylı mağazanın ilkin satış qiyməti 5100 manatdır.

İnvestisiyalar sayəsində hərracda özəlləşdirilən əmlakların maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən zavodlar, müəssisələr profil üzrə tələbatın ödənilməsində öz töhfəsini verir. Eyni zamanda gücləndirilmiş istehsal nəticəsində müəssisələr, tələbatı ödəməklə yanaşı xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.

Qeyd edilməlidir ki, özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 78-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, Komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Son xəbərlər
Digər xəbərlər