Hesablama Palatası 2015-ci ilin 6 ayı üçün maliyyə-büdcə nəzarət tədbirləri ilə bağlı məlumat yaydı.
Ümumi məbləğdən 9,8 milyon manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 milyon manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.
Məlumata əsasən, bu nöqsanlarla yanaşı satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan iddiaçıların satınalma proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunaraq satınalma müqavilələrinin bağlanması, yalnız bir müəssisənin satınalma predmetindən asılı olmayaraq bütün satınalmalarda qalib elan olunması halları mövcud olub, əvvəlki audit tədbirlərinin nəticələrinə dair hesabatlarda da qeyd edildiyi kimi, rəqabətsiz satınalma metodlarından istifadə hallarının üstünlük təşkil etməsi, birmənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması, satınalmanın vacib şərti kimi görüləcək iş və xidmətlərin ehtimal olunan dəyərinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkar edilib.