Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə xidmətlərinin daha əlçatan olması üçün agent bankçılıqla bağlı hüquqi baza formalaşdırır.
Bu barədə “Azərpoçt” MMC-dən bildirilib.
“2022-ci ilin mart ayından etibarən “Azərpoçt”un mövcud poçt şəbəkəsindən istifadə etməklə əhalinin bank xidmətlərinə çıxış imkanlarının yaradılması üçün “Agent Bankçılıq” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində əhali və fərdi sahibkarlara ilk olaraq “Azərpoçt” MMC-nin Ağdaş rayonunda yerləşən filialı vasitəsilə bank xidmətlərindən istifadə imkanı yaradıldı. Daha sonra bu xidmətlər Qəbələ, Masallı və Tovuz rayonlarında da tətbiq edildi”, – operator bildirir.
Bildirilir ki, layihənin icrası 2022-ci ilin iyun ayının sonunda qiymətləndirilməsi üçün dayandırılıb: “Layihənin bərpa edilməsi Mərkəzi Bank tərəfindən hüquqi bazanın formalaşdırılmasından sonra mümkün olacaq, Hazırda bu proses gedir”.
Layihənin davam etdiyi 4 ay müddətində 400-ə yaxın müraciət qeydə alınıb.
Qeyd edək ki, “Agent bankçılıq” layihəsinə Azərbaycan Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan “Rayon mərkəzlərindən kənar ərazilərdə əhali və biznesə maliyyə xidmətlərindən istifadə imkanlarının yaradılması məqsədilə müvafiq infrastrukturun genişləndirilməsinin nəzərdən keçirilməsi” tədbiri çərçivəsində başlanılıb.