Azərbaycanda peyk təsvirləri vasitəsilə təsərrüfatları monitorinq etməklə, əkinlərin vegetasiya dövründə bütün neqativ hallarını müşahidə etməklə əvvəlcədən tədbirlər görülə bilər.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) nümayəndəsi İsmət Baxışov 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri çərçivəsində keçirilən Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda deyib.
Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə Yerin məsafədən müşahidəsində peykdən geniş istifadə edilir: “Azərbaycanda da bu xidmətlər göstərilir, lakin kənd təsərrüfatı sahəsində peykdən istifadə istənilən səviyyədə deyil”.
İ. Baxışov vurğulayıb ki, iqlim dəyişikliklərindən ən çox kənd təsərrüfatı və su resursları təsirə məruz qalır:”Peyk təsvirləri vasitəsilə bu kimi mənfi halların qarşısını ala bilərik”.
“Azərkosmos”un nümayəndəsi əlavə edib ki, regional səviyyədə su resurslarının mütəmadi olaraq monitorinqi həyata keçirilir.