Azərbaycanda Covid-19-a qarşı AstraZeneca/Oxford və “Sputnik V” peyvəndinin birinci komponentin (Sputnik Light) birgə istifadəsinə dair aparılmış sınaqların nəticəsi açıqlanıb.
Rusiya İnvestisiya Fondu (RDIF) bildirib ki, iki vaksinin birgə istifadəsi “təhlükəsiz”dir. Məlumatı BBC (Azərbaycanda) yayır.
Azərbaycandakı sınaq dünyada bu üzrə keçirilmiş ilk klinik tədqiqatdır.
“AstraZeneca” vaksininin və “Sputnik V” peyvəndinin birinci komponentinin Azərbaycanda qarışığının təhlükəsizliyi və immunogenliyi ilə bağlı tədqiqatlar 2021-ci ilin fevral ayında başlamış, bu günə qədər 50 könüllü vaksinasiya olunmuşdur və klinik sınaq üçün könüllülərin qəbulu davam edir”, RDIF-in məlumatında deyilib.
Qurum bildirilmişdi ki, “AstraZeneca” vaksininin və “Sputnik V” peyvəndinin birinci komponentinin Azərbaycanda birgə istifadəsinin immunogenliyi ilə bağlı ilkin məlumatların 2021-ci ilin avqustunda dərc ediləcək.
“Qlobal bir proqram çərçivəsində vaksinlərin qarışığının tətbiqiylə bağlı sınaqlar eyni zamanda bir neçə ölkədə aparılır, – məlumatda deyilib, – Azərbaycanla yanaşı, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində, eləcə də Rusiyada və Belarusda da bu cür sınaqların keçirilməsinə icazə verilib”.
RDIF-in Baş direktoru Kirill Dmitriev ““AstraZeneca” ilə birgə klinik sınaqların ilk belə bir partnyorluq təcrübəsi” olduğunu qeyd edib.
“Azərbaycanda və digər ölkələrdə sınaqların uğurlu olacağını gözləyirik. Bu, vaksinasiya proqramlarının daha təsirli şəkildə həyata keçirilməsinə və dünyanın hər yerində insanların sağlamlığının qorunmasına imkan verəcək”, – RDIF başçısı vurğulayıb.
“Yeni ortaya çıxan koronavirus ştamlarına qarşı daha təsirli mübarizə aparmaq üçün “Sputnik V” peyvəndinin digər vaksinlərlə qarışıq tətbiqi üzrə sınaqların keçirilməsini vacib sayırıq”, – Kirill Dmitriyev qeyd edib.
“Sputnik V” və “AstraZeneca” peyvəndlərinin qarışıq tətbiqinin sınaqları başlayıb
Covid-19-a qarşı Rusiyanın “Sputnik V” peyvəndinin yaradıcıları “AstraZeneca” ilə birgə hər iki peyvəndin qarışıq tətbiqi ilə bağlı klinik sınaqlara start verildiyini elan ediblər, TASS xəbər verib.
““Sputnik V” peyvəndi “AstraZeneca” peyvəndi üçün ikinci komponent kimi istifadə olunur və bu cür alqoritm üç ay ərzində ikinci “AstraZeneca” peyvəndinin vurulmasını gözləmək ehtiyacını aradan qaldırır. Bu yanaşmanın kritik sınaqları artıq başlayıb,” – xəbərdə deyilir.
Azərbaycan “Sputnik V” və “AstraZeneca” vaksinlərinin birgə tətbiqi tədqiqatına fevralın 9-da icazə verib.
Səhiyyə Nazirliyinin məlumatında Azərbaycanın bu cür tədqiqata icazəni dünyada ilk ölkə olaraq verdiyi vurğulanıb.
Kiliniki sınaqların fevral ayının sonunadək başlayacağı qeyd olunub.
“Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır,” – Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
“Sputnik V” və “AstraZeneca” vaksinlərinin birgə tətbiqinin sınağı barədə razılıq Rusiyanın Qamaleya adına Mərkəzi, RDIF Rusiya investisiya fondu, “AstraZeneca” şirkəti və Rusiyanın R-Pharm şirkəti tərəfindən dekabrın ortalarında elan olunub.
Bundan əvvəl RDIF rəhbəri Kirill Dmitriev Rusiyanın “Sputnik V” peyvəndinin “AstraZeneca” peyvəndi ilə birgə tətbiqinin klinik sınaqlarının Azərbaycanda və Birləşmiş Ərəb Əmirliklərində, daha sonra Səudiyyə Ərəbistanında başlayacağını bildirmişdi.