9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda avtobusların hərəkətini izləyən Monitorinq Mərkəzi yaradılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sərnişin Daşımalarının Monitorinq Mərkəzi istifadəyə verilib.

Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən verilən məlumata əsasən, mərkəzin yaradılmasında məqsəd avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası sərnişin daşımalarının həyata keçirilməsi zamanı marşrut pasportuna və sxeminə, həmçinin qüvvədə olan təhlükəsizliyə dair qayda və tələblərə riayət edilməsi vəziyyətinin monitorinqinin aparılması, tələbatın davamlı şəkildə qiymətləndirilməsidir.

Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma fəaliyyətinə nəzarət avtobuslara quraşdırılan GPS avadanlığı vasitəsilə Monitorinq Mərkəzindən həyata keçirilir. Gün ərzində xəttə çıxan avtobusların hərəkət qrafikində təyin edilmiş vaxt üzrə başlanğıc, aralıq və son məntəqələrdən hərəkətlərinə, kənar dayanacaqlarda dayanmalarına, xətdən yayınmalarına nəzarət edilir. Həmçinin avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənməsi, tormozlaması, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı, həmçinin təhlili aparılır. Mərkəzdə avtobusların yerləşdikləri məntəqələrin koordinatları da təyin edilir.

Eyni zamanda Monitorinq Mərkəzindən respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyalar xüsusi quraşdırılmış nəzarət kameraları vasitəsilə 24 saat monitorinq edilir.

Son xəbərlər
Digər xəbərlər