6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda avtomobil nəqliyyatının vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda yeni yaradılmış Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İnformasiya Sisteminin tətbiqi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturu yaradılacaq.

Bunu müsahibəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Onun sözlərinə görə, İKT-nin tətbiqi ilə avtomobil nəqliyyatı sahəsinin vahid informasiya sisteminin yaradılması digər dövlət qurumları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması nəticəsində bir sıra xidmətlərin təmassız təqdim edilməsinə, dövlət tənzimlənməsi mexanizmlərinin effektiv tətbiqinə, yarana bilən problemlərin sürətli aradan qaldırılmasına şərait yaradacaq.

“Bunun üçün yeni sistemin “Elektron hökumət” portalına tam inteqrasiya edilməsi təmin olunacaq. Bu sistemin tətbiqi nəticəsində daşıyıcılarla məmurların təması minimuma endiriləcək. Xüsusilə vurğulayım ki, proseslərin tamamilə şəffaf qaydada, elektron sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub”, – deyə R. Hümmətov qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda məlumat bazasının toplanması üzərində əsaslı işlər gedir və ölkə üzrə sərnişindaşıma marşrutları, onların operatorları barədə məlumatlar bu sistemdə yerləşdiriləcək.

“Sistemin tətbiqi çərçivəsində yükdaşıma sahəsində sənədlərin elektronlaşdırılması nəticəsində daşıyıcı ilə yanaşı, yükgöndərənin və yükalanın fəaliyyətinə də nəzarət artacaq, bu da öz növbəsində şəffaflığı təmin edəcək və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq. Avtobuslarla sərnişin daşımalarında elektron bilet sistemi arealının ölkə ərazisində genişləndirilməsi nağd hesablaşmaların aradan qaldırılmasına şərait yaradacaq”, – deyə nazir müavini bildirib.

R. Hümmətovun sözlərinə görə, taksi ilə daşımalar sahəsində iştirakçıların və operatorların fəaliyyətinin tənzimlənməsi istiqamətində də tədbirlər görüləcək.

“Beləliklə, ölkə üzrə sərnişin və yükdaşımaları barədə əldə etdiyimiz müfəssəl məlumat bazası avtomobil nəqliyyatı ilə daşımalar sektoruna kompleks tənzimlənməni təmin edəcək, vətəndaş üçün yüksək keyfiyyətli xidmət, sahibkar-daşıyıcı üçün əlverişli mühit və dövlət üçün büdcə daxilolmalarının artırılması ilə nəticələnəcək”, – R. Hümmətov əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər