Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqların yeni qayda ilə hesablanmasına 2022-ci ilin oktyabrın 1-dən başlanacaq, zərərlərin birbaşa tənzimlənməsi isə noyabrın 1-dən etibarən həyata keçiriləcək.
Bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
Onun sözlərinə görə, qaydalara edilən dəyişikliklərə əsasən sığorta haqqları 4 əsas amili nəzərə alaraq müəyyənləşdiriləcək:
“İlk öncə sığorta haqqları sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirilməsi nəzərdə tutulur. Əvvəla qeyd edim ki, baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin, risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək riski o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə 1,35-1,05 intervalında əmsallar tətbiq edilir.
Digər risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni, digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər.
Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddətinə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.