9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda avtosığorta üzrə qiymətləndirməni süni intellekt apara bilər

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə qiymətləndirmələrin aparılmasında süni intellektin istifadəsi planlaşdırılır.

Bu barədə “Audatex Azerbaijan” MMC-nin direktoru Daşdəmir Niftəliyev deyib.

O, bu istiqamətdə dünyadakı mövcud təcrübədən danışıb:

“Audatex” şirkəti dünyada öz fəaliyyətini süni intellekt üzərindən formalaşdırır. Məsələn, sığorta hadisəsi baş verdikdə müştəriyə “SMS” gedir, müştəri qəzaya uğrayan nəqliyyat vasitəsinin şəkillərini sistemə yükləyir, sistem bir neçə saniyə içində bütün zədələri müəyyən edir və dəyən zərəri hesablayaraq müştəriyə və sığorta şirkətinə göndərir. Yəni əvvəllər müştəri bir neçə saat yolda tıxac yaradaraq qəza komissarını gözləyirdirsə, süni intellekt məsələni bir neçə saniyədə həll edə bilir. Azərbaycanda bu sistemin tətbiqi ilə bağlı bu yaxınlarda görüş keçirilib. Hazırda Azərbaycanda vahid qiymətləndirmə prosesi ilə əlaqədar həm Mərkəzi Bank, həm də sığorta şirkətləri müəyyən addımlar atır”.

D. Niftəliyev bildirib ki, təmsil etdiyi şirkət bu sistemin Azərbaycana gətirilməsi üçün iki istiqamətdə addımlar atır:

“Bunlardan biri odur ki, tənzimləyici qurumla birbaşa danışıqlar aparırıq. İkinci yol isə sığorta şirkətləri, bazar iştirakçıları, servis mərkəzləri, sərbəst qiymətləndiricilərlə addımların atılmasıdır. Texnologiyanın imkanlarını müvafiq qurumlara və sığorta şirkətlərinə göstəririk. Onlar da çox ciddi şəkildə maraqlanırlar. Həmin beynəlxalq təcrübədəki süni intellektdən istifadənin Azərbaycanda da tətbiqi gözlənilir”.

Müsahibimiz süni intellektdən istifadənin digər üstün məqamlarından da danışıb:

“Məsələn, qəza baş verəndə sığorta şirkəti avtomobildə hansısa ehtiyat hissəsinin təmir edilməli olduğunu bildirir, vətəndaş və ya servis mərkəzi isə ehtiyat hissəsinin əvəz edilməsini təklif edir. Ən böyük problemlərdən biri də sığorta şirkəti ilə müştəri arasında məhz bu anlaşılmazlığın olmasıdır. Süni intellekt hansı ehtiyat hissəsinin əvəz edilməli, hansının təmir edilməli olmasını və təmir edilərkən xidmət haqqının nə qədər olmalı olduğunu və digər məqamları hesablayır və subyektivliyi ortadan qaldırır”.

O bildirib ki, Azərbaycandakı bütün sığorta şirkətləri bu sistemə maraq göstərir:

“Amma bu texnologiyanın Azərbaycana gətirilməsi üçün müəyyən addımlar atılmalıdır. Bütün sığorta şirkətlərinin birgə istəyi və ya bazar üzrə ümumi bir qərarın alınmasından sonra texnologiyanın gətirilməsi sürətləndirilə bilər. Hazırda bununla bağlı Mərkəzi Bankla danışıqlar aparılır. Texnologiyanın qlobal bir hissəsi artıq Azərbaycanda aktivdir. Yəni Azərbaycanda sığorta hadisəsi zamanı süni intellekt nəqliyyat vasitəsindəki zədələri görə bilir, amma hesablama apara bilmir. İndi biz Azərbaycanda bu sistemin tam şəkildə işləməsini təmin etmək istəyirik. Yəni süni intellekt həm zədələri görəcək, həm də qiymətləndirməni aparacaq. Burda işlənmiş ehtiyat hissələrinin qiymətləri, onların kataloqunun yaradılması və digər məsələlər var ki, onları bazar özü həll etməlidir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər