Azərbaycanda neytron mənbəyi ilə birlikdə ayın səthindəki suxurların hidrogen tərkibini (su və su buzu) araşdırmaq üçün istifadə ediləcək yeni “HardGamm” və “HardPix” detektorları hazırlanır.
Bu işlər Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, həmçinin Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu və Qərbi Bohemiya Universiteti arasındakı əməkdaşlıq əsasında həyata keçirilir.
Mikropikselli selvari fotodiod hissəsi (MAPD-3NM) Azərbaycan komandası tərəfindən, elektronia modulu isə Çexiya komandası tərəfindən hazırlanan “HardGamm” faydalı yük konsepsiyasına LaBr3(Ce), BGO və NaI(Tl) kimi ssintilyatorları ilə yığılmış silisium fotoelektron gücləndirici tipli detektorların yeni MAPD-3NM sensor matrisi daxildir.
Bu ay Radiasiya Problemləri İnstitutunda “HardGamm” detektorunun ilk versiyası sınaqdan keçirilib. Sınaqları Radiasiya Problemləri İnstitutunun qrup rəhbəri, fizika üzrə elmlər doktoru Fərid Əhmədov, Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentinin komanda rəhbəri, fizika üzrə fəlsəfə doktoru Azər Sadıqov, Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun qrup rəhbəri Michael Holik və Qərbi Çexiya Universitetinin komanda rəhbəri Ondrej Urban həyata keçirib.
Sözügedən detektor 0,06 keV-dan çox 10 MeV-a qədər qamma şüalarını aşkar edə biləcək. Sınağın nəticəsi isə bu il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində təqdim olunacaq.