12 C
Baku
Wednesday, December 11, 2024

“Azərbaycanda bərpa olunan enerji hesabına 1.2 milyard kubmetr qazın sərbəstləşməsi gözlənilir”

Azərbaycan Avropanın enerji təchizatını “yaşıl enerji”, hidrogendən əlavə bərpa olunan enerji hesabına sərbəstləşən böyük həcmlərdə təbii qazla da şaxələndirəcək.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün keçirilən Bakı Enerji Forumunun I günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2027-ci ilin sonunadək Azərbaycanda 2 milyard ABŞ dollarından artıq investisiya hesabına reallaşacaq 2 QVt-dək “yaşıl güc”lər hesabına elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payı 33%-ə yüksələcək.

Energetika naziri deyib ki, 5.3 milyard kilovat/saat elektrik enerjisinin istehsalı, 1.2 milyard kubmetr qazın sərbəstləşməsi, 2.5 milyon tona qədər emissiyaların azalması bu layihələrin gözlənilən faydalarıdır.

“Azərbaycan Prezidenti İlham Əliyevin “yaşıl enerji” və iqlim məqsədlərinin həyata keçirilməsi, ənənəvi və bərpa olunan enerji arasında sinerjinin yaradılması üzrə baxış və təşəbbüslərinə əsaslanan “yaşıl enerji”yə keçiddə ölkəmizin regional liderliyi ilə əlamətdar olacaq. Bir milyard ABŞ dollarına yaxın investisiya dəyərinə malik 1 000 MVt gücündə günəş-külək elektrik stansiyalarından əlavə yaxın vaxtlarda Şərqi Zəngəzurda BP və “Nobel Energy” şirkətləri ilə daha iki günəş stansiyasının təməlinin atılacağı, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə ilk hərracın nəticəsinin isə COP zamanı elan ediləcəyi gözlənilir”,-deyə o qeyd edib.

P.Şahbazov bildirib ki, bərpa olunan enerjinin inkişafına dekarbonizasiya ilə yanaşı, post-konflikt quruculuğu və enerji tədarükü mənbələrinin şaxələndirilməsi kontekstində yanaşma bu gün Azərbaycanı “yaşıl enerji” zonaları və “yaşıl enerji” dəhlizləri təşəbbüsləri ilə də ön plana çıxarır.

Nazir həmçinin çıxışında “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması ilə bağlı atılan addımlardan bəhs edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər