Azərbaycanda real sektorda olan əksər kreditlərin həcmi kiçilib.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, 1 sentyabr tarixinə ölkədə ümumi kreditlərin həcmi 19 milyard 137 milyon manat olmaqla son bir ayda 0.8% artıb.
Lakin, inşaat, mədənçıxarma, nəqliyyat sektoru üzrə azalma müşahidə edilməkdədir.
Mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı biznesinə verilən kreditlərin həcmi 608.9 mln. manat təşkil etməklə aylıq müqayisədə 5% azalıb. Ümumi portfeldə çəkisi 3.38%-dən 3.18-ə qədər azalıb.
İnşaat və tikinti sektoru üzrə kredit portfeli 0.9% azalmaqla 1 milyard 192.5 milyon manata düşüb. Portfelin ümumi çəkidə payı 6.34%-dən 6.23%-ə düşüb.
Nəqliyyat və rabitə sektoru üzrə portfel aylıq müqayisədə 2.9% azalmaqla 759.1 milyon manat təşkil edib ki, bu da portfelin ümumidə çəkisinin 4.12%-dən 3.97%-ə düşməsidir.
Real sektorda əsas paya sahib olan ticarət və xidmət sektoru üzrə kredit portfeli 0.5% artaraq 3 milyard 131.8 milyon manata yüksəlib, lakin ümumidə payı 16.41%-dən 16.37%-ə düşüb.
Sənaye və istehsal sektoru 2.3% artımla 1 milyard 071.8 milyon manata, aqrar kreditlər 0.3% artımla 598.9 milyon manata, ev təsərrüfatına verilən kreditlər 2.2% artımla 10 milyard 328.2 milyon manata, ipoteka kreditləri isə 1.8% artımla 2 milyard 835.3 milyon manata yüksəlib.