6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bal istehsalı 7 min tona çatıb

Azərbaycanda 600 mindən çox arı ailəsi var. Amma ölkəmizdə ən azı, 1 milyon arı ailəsinin saxlanılması üçün potensial var. Bu göstərici daha yüksək də ola bilər. Kəlbəcərin, Qarabağın mühiti arıçılıq potensialımızı artırmağa imkan verir.

Banker.az xəbər verir ki, bu sözləri Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov “vergiler.az”a müsahibəsində deyib.

O bildirib ki, 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib. Əvvəllər arıçılar yalnız yerli cins olan arı ailələri saxlayırdılar. Ancaq yerli cinslərin məhsuldarlığı çox aşağı idi. Son 5-7 ildə xaricdən gətirilmiş arı cinslərinin hesabına ölkədə hər bir arı ailəsinin məhsuldarlığı 30-40 faiz yüksəlib. 7-8 il əvvəl Azərbaycanda il ərzində istehsal edilən balın miqdarı 2 min ton idisə, indi istehsal həcmi 7 min tona çatıb. 2021-ci ildə 33 min 332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6 min 802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kiloqram arı südü əldə olunub.

Sədr vurğulayıb ki, bala olan illik tələbatımız 6000 ton, il ərzində istehsal olunan balın miqdarı isə 7000 tondur. İndiyədək bala olan tələbat yerli balla yanaşı, həm də İran, Rusiya, Ukraynadan idxal edilən balın hesabına ödənilib. Lakin bu il istehsal həcmi çox olduğundan bala olan tələbatın yerli istehsal hesabına ödəniləcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər