15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda bank hesabı açan Rusiya vətəndaşları nəyi nəzərə almalıdırlar?

Rusiya prezidenti Vladimir Putinin hərbi səfərbərlik elan etməsindən sonra digər ölkələrə axın edən Rusiya vətəndaşlarının ehtiyac duyduğu xidmətlərdən biri də banklarla bağlıdır.

Xüsusilə ölkəsindən pul gözləyən rusiyalılar üçün bank hesabının olması vacib məsələdir.

Bununla belə, xarici ölkə vətəndaşı olduqları, Rusiyanın bir sıra sanksiyalara məruz qaldığı nəzərə alınarsa, rusiyalılar üçün bankda hesab açmaq, əməliyyatlar aparmaq asan sayılmamalıdır. Artıq bəzi ölkələrdə Rusiya vətəndaşlarının bank xidmətlərindən istifadə etməsində müxtəlif maneələr, sərt tələblər qoyulub. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?

Azərbaycan banklarında deyirlər ki, Rusiya vətəndaşlarının hesab açmasına hələ ki, heç bir qadağa yoxdur. Lakin bu məsələ qanunvericiliyin və bankın daxili qaydalarının tələblərinə uyğun olaraq müxtəlif şəkildə icra olunur.

“Bizim bankda hesab açmaq istəyən xarici vətəndaş həm ümumvətəndaş (xarici), həm də daxili pasportunu təqdim etməlidir. Daxili sənəd əvəzinə sürücülük vəsiqəsi də qəbul olunur. Bundan sonra biz bank olaraq aidiyyəti qurumlara bu məlumatlar əsasında sorğu göndəririk. Əgər heç bir problem görünmürsə, şəxsə hesab açırıq. Bankımızda Rusiya vətəndaşlarına hesab açılarkən onlara bank kartı təqdim olunmur. Bank kartı istəyən şəxslər isə mütləq şəkildə banka depozit yatırıb, 9-11 %-lik gəlirdən yararlana bilərlər. Bu bank kartlarından da yalnız ölkə daxilində istifadə oluna bilər”, – deyə banklardan birinin mütəxəssisi Emil Əliyev bildirir.

Bundan başqa, onun sözlərinə görə, bank hesabına 10 min ABŞ dollarına qədər daxilolmalarda heç bir problem yoxdur: “Bundan çox məbləğdə isə biz həmin pulun mənbəyini öyrənmək istəyirik. Məsələn, pul göndərən şəxs ya işlədiyi yeri, ya da həmin məbləği aldığını təsdiq edən hər hansı alqı-satqı müqaviləsini təqdim edə bilər”.

Müraciət etdiyimiz digər bankda isə bu proses müəyyən qədər fərqli icra olunur. Belə ki, ilk növbədə xarici vətəndaşdan Dövlət Miqrasiya Xidmətindən yaşayış yeri ilə bağlı arayış tələb olunur. Bundan başqa, həmin vətəndaş öz ölkəsindəki məlumatları – iş yerini, ev ünvanını təqdim etməyə borcludur. Debet kartın verilməsi üçün isə xarici vətəndaşdan müəyyən məbləğdə rüsum və xidmət haqqı tələb olunur. Belə ki, 1 illik kart üçün 80 manat rüsum, 50 dollar xidmət haqqı, illik kart üçün 100 manat rüsum, 100 ABŞ dollar xidmət haqqı, 3 illik kart üçün isə 120 manat rüsum, 150 ABŞ dollar xidmət haqqı istənilir. Bu tələblər yalnız Rusiya, Ukrayna, Belarus vətəndaşları üçün keçərlidir.

Ümumiyyətlə isə müşahidələr göstərir ki, Rusiya vətəndaşının burada daimi və yaxud müvəqqəti yaşaması ilə bağlı Dövlət Miqrasiya Xidmətindən arayışı varsa, bank hesabı açmağına maneə görünmür. Əksər banklar şəxsiyyəti təsdiq edən sənəd və bu arayış əsasında elə yerindəcə hesab açır və debet kart təqdim edir.

Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, rezident və qeyri-rezidentlərə hesab açılması “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinə uyğun həyata keçirilir. Hesab açılarkən digər normativ aktların, o cümlədən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələbləri də rəhbər tutulmalı, qanunvericiliyə və normativ xarakterli aktlara müvafiq olaraq əlavə eyniləşdirmə tədbirləri, eləcə də bankların daxili nəzarət və risk idarəetməsi sistemləri ilə nəzərdə tutulan zəruri tədbirlər tətbiq edilməlidir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər