Azərbaycanda “Banklar haqqında” qanuna dəyişiklik edilib.
Dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi bazanın yaradılmasıdır. Bu çərçivədə kredit təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların həyata keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, dəyişiklik ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirə salınmadan və mümkün qədər az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, “körpü bank”ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini “körpü bank”a köçürülməsi, “körpü bank”ın investora satılması üzrə tədbirləri, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsini nəzərdə tutur.
Dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul olunub.
Qeyd edək ki, müzakirələrdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı da iştirak edib.